NDU-da növbəti kitab təqdimatı keçirilib

Naxçıvan Dövlət Universitetinin “İngilis dili və metodikası” kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Mirhəsən Eminovun “Şəxsiyyətyönümlü təhsil və müasir Azərbaycan vətəndaşı” adlı kitabının təqdimat mərasimi keçirilib.
  Naxçıvan Dövlət Universitetinin Mətbuat Şöbəsindən Terlanyusif.com-a verilən məlumata görə, mərasimi giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov insanın bir şəxsiyyət kimi formalaşması prosesinə təsir edən amillərdən danışaraq qeyd edib ki, insan cəmiyyətdə həm varlıq, həm də fərddir. O fərd kimi doğulur və inkişaf edərək tədricən şəxsiyyətə çevrilir. Rektor Azərbaycan Respublikasının müstəqillik əldə etdikdən sonra təhsil sahəsində aparılan köklü islahatlardan da danışıb. Vurğulanıb ki, qloballaşan dünyanın tələblərinə uyğun olaraq təhsil sisteminin formalaşdırılmasında Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının qəbul olunması mühüm əhəmiyyət daşıyır və strategiyada təsbit olunan əsas istiqamətlərdən biri də məhz səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsilin məzmununun yaradılmasıdır.
Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Sevinc Orucova “Pedaqoji fikir tariximizdə şəxsiyyətyönümlü təhsil problemi” adlı məruzəsində kitabda əhatə olunan mövzuların aktuallığından danışıb. Qeyd olunub ki, 2017-ci ildə Bakıda nəfis tərtibatda çapdan çıxan kitab III fəsil, nəticə və istinad mənbələrindən ibarətdir. I fəsil Pedaqoji fikir tariximizdə şəxsiyyətyönümlü təhsil problemi, II fəsil Təhsilin inkişafı üzrə dövlət strategiyası və şəxsiyyətyönümlü təhsil problemi, III fəsil isə Qloballaşan dünya və şəxsiyyətyönümlü təhsil adlanır. Kitabda Azərbaycan vətəndaşının rəqabətqabiliyyətli şəxsiyyət kimi formalaşması probleminin həm pedaqoji, həm psixoloji və həm də sosioloji cəhətdən araşdırılmasına səy göstərilib. Kitabda şəxsiyyətin formalaşmasında elmin və biliyin əhəmiyyəti xüsusi qeyd edilir və dünya alimlərinin, eləcə də Azərbaycanın məşhur alim və pedaqoqların əsərlərindən elm və bilik əldə etməyə aid maraqlı nümunələr təqdim edilir.
Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, fəlsəfə doktoru, dosent Yusif Hüseynov çıxışında bildirib ki, şəxsiyyəti cəmiyyət formalaşdırır, şəxsiyyət isə cəmiyyəti irəli aparır. İnsanı şəxsiyyət kimi səciyyələndirən onun ictimai həyatdakı fəaliyyətidir. Və insan yalnız özü üçün deyil, cəmiyyət üçün də faydalı işlər gördüyü zaman şəxsiyyət kimi formalaşır. Dekan müəllifi bütün dövrlər üçün əhəmiyyətli olan nəşr əsərinin işıq üzü görməsi münasibətilə təbrik edib.
İngilis dili və tərcümə kafedrasının müdiri, dosent Ceyran Quliyeva müəllifi təbrik edərək kitabın nəticə bölümündə ingilis dilində yer alan, dünya alim və pedaqoqlarının yaxşı müəllim haqqında dediyi fikirləri səsləndirib.
Sonda kitabın müəllifi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Mirhəsən Eminov kitabın ali məktəb müəllim və tələbələri,fənn müəllimləri, tərbiyəçilər və valideyinlər üçün faydalı mənbə olduğunu bildirib. Müəllif universitet rəhbərliyinə göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.

Nermin Ceferova adlı şəxsin şəkli.

Nermin Ceferova adlı şəxsin şəkli.

Nermin Ceferova adlı şəxsin şəkli.

Nermin Ceferova adlı şəxsin şəkli.