Göydələnli Bakıda sənaye alpinizmi gündəmdə

Ötən gün Bakının mərkəzində biznes mərkzələrindən birində göydələnin şüşələrini təmizləyən fəhlənin təhlükəsizlik qaydalarına düzgün riayət edilməməsi ehtimalı ilə xəsarət alması sənaye alpinizmi ilə bağlı mövzunu gündəmə gətirdi. Paytaxtımız da böyük şəhərlərin simovolu göydələnlərlə böyüyür. Bəs Bakıda şüşəli göydələnlərin fasadlarını, şüşələrini təmizləyən sənaye alpinistləri fəaliyyət göstərirmi, onların təhlükəsizliyi nə dərəcədə təmin olunur?

Beynelxalqinfo.com bildirir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib ki, binaların şüşələrinin təmizlənməsi zamanı təhlükəsiz əmək şəraiti yaradılmaqla bərabər, yarana biləcək fors-major hallar da nəzərə alınmalıdır: “Əsas təhlükəsizilik amili olaraq ilk növbədə hava şəraiti ( külək, yağış, qar), həddindən artıq mənfi və ya müsbət temperaturun olmaması nəzərə alınmalıdır. Bundan başqa, şüşənin qalınlığı, kövrəkliyi nəzərə alınmalı, zədələnmiş şüşələrə xüsusi diqqət edilməlidir”.

Ekspertin sözlərinə görə, binaların şüşələrini təmizləyən sənaye alpinistləri xüsusi kurs keçmiş və sertifikatı olan şəxslər olmalıdır:

“Sənaye alpinistləri şirkət tərəfindən fərdi qaydada sığortalanırlar.Əgər hər hansı bədbəxt hadisə baş verərsə, sığorta tərəfindən bütün xərclər qarşılanır. Həmin şəxslər işə başlamazdan əvvəl təhlükə risklərini nəzərdən keçirmələri, texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları ilə tanış olmaları barədə yoxlama-buraxılış jurnalına imza qoyurlar. Daha sonra binanın fiziki göstəriciləri üzrə tələb olunan fərdi mühafizə vasitələri, xüsusi geyim, kaska, ayaqqabı, əlcək və sairə ilə təmin edilirlər. Sənaye alpinistlərinin istifadə etdiyi avadanlıqlar da (karabin, kəndir və s.) yoxlamadan keçmiş və sertifikatlaşdırılmış olmalıdır. Əgər nərdivanla işləyəcəklərsə, nərdivanı şüşəyə, yaxud pəncərə çərçivəsinə dayamaq olmaz”.

E.Nurəliyev onu da vurğulayıb ki, sənaye alpinistləri işləyən ərazi – binaların aşağı hissəsi hasara alınmalı və ya brezentdən qoruyucu çəkilməlidir: “Bir şaquli xətt üzrə bir neçə nəfərin işləməsi yolverilməzdir. Şüşələrin yuyulmasında istifadə olunan suyun temperaturunun 60 dərəcədən yuxarı olmaması da vacib şərtdir. Günün qaranlıq vaxtı isə iş görülməməlidir”.

Sənaye alpinisti Şamil Eminov Trend-ə bildirib ki, uzun müddətdir sənaye alpinizmi ilə məşğul olur: “Avadanlıqları Rusiyadan almışam. Avadanlıqlardan istifadə üçün xüsusi kursda təlim keçmişəm, eləcə də təhlükəsizlik üzrə kurslar keçmişəm. Treninqlərdə iştirak etmişəm və sertfikatlar almışam. Bakıda işimizlə bağlı sifarişlər çox olur. Xidmət üçün əvvəlcə şirkətlərlə müqavilə bağlayırıq və həmin müqavilə əsasında işləyirik”.

Bu işdə sığortanın vacib olduğunu vurğulayan bakılı sənaye alpinisti bu işin qiyməti ilə bağlı bildirib ki, qiymət görülən işin həcmindən asılı olaraq dəyişir.

Avadanlıqların yoxlanılması məsələsinə gəlincə, Ş.Eminov bildirib ki, avadanlığı 5 ildir ki, istifadə edir: “Avadanlıq tez-tez yoxlanılmalıdır, onun təhlükəsizliyinə əmin olmaq lazımdır. Elə avadanlıqlar var ki, onların istifadə müddəti 3 ildir. Amma bizim istifadə etdiyimiz avadanlıq davamlı olduğu üçün hələ ki, dəyişdirməyə ehtiyac yoxdur”.

Beynelxalqinfo.com

Digər maraqlı xəbərlər Beynelxalqinfo.com-un Facebook səhifəsində

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir